image

“Məktəblilər üçün kibertəhlükəsizlik: rəqəmsal dünyadan təhlükəsiz istifadə" mövzusunda təlim təşkil edilib

17.02.2025

“Məktəblilər üçün kibertəhlükəsizlik: rəqəmsal dünyadan təhlükəsiz istifadə" mövzusunda təlim təşkil edilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziyada “Məktəblilər üçün kibertəhlükəsizlik: rəqəmsal dünyadan təhlükəsiz istifadə" mövzusunda təlim keçirilib. Müxtəlif yaş qruplarından olan şagirdlərin iştirak etdiyi təlimin məqsədinə uyğun olaraq şagirdlər rəqəmsal fəzada kibertəhlükəsizlik, məlumatların qorunması, düzgün istifadə qaydaları barədə məlumatlandırılıb.

 

Əvvəlcə, Gimnaziyanın direktoru Nazim Rəhimov çıxış edərək qeyd edib ki, internetdə təhlükəsiz davranış, sosial media təhlükələri, fərdi məlumatların qorunması və şəbəkə hücumlarına qarşı müdafiənin günümüzün əsas tələblərindən olması nəzərə alınaraq, gənclərin özlərini və məlumatlarını onlayn aləmdə qorumağın yollarını öyrənməsi vacibdir.

 

Universitetin İnformasiya texnologiyaları şöbəsinin müdiri, AKTA eksperti Hüseyn Əsgərli çıxış edərək bildirib ki, internetdən və İKT-nin imkanlarından düzgün istifadə qaydalarını bilmək və kibertəhlükəsizlik qaydalarına riayət etmək olduqca vacibdir. Bu qaydalar sosial media istifadəçilərinə qarşı potensial təhdidlərin öncədən müəyyən edilərək qarşısının alınmasına kömək edir.

 

AKTA kiber klubunun üzvü Azərin Vəliyeva fərdi məlumatların qorunması, şəbəkə hücumlarından qorunma yolları, sosial mühəndislik, güclü şifrələr və iki faktorlu doğrulama kimi kibertəhlükəsizlik anlayışları barədə şagirdlərə ətraflı məlumat verib. Həmçinin, sosial media təhlükəsizliyi, VPN istifadəsi, təhlükəli sayt və proqramların müəyyən olunması, rəqəmsal izlər və fərdi məlumatların qorunması mövzularında da vacib məlumatlar şagirdlərin diqqətinə çatdırılıb.