Universitetlər və AKTA üzvlərinin iştirakı ilə tədbir baş tutub.

06.05.2024

Universitetlər və AKTA üzvlərinin iştirakı ilə tədbir baş tutub.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra edilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsinin hesabat tədbiri keçirilib. 
Layihənin səhər yeməyi formatında təşkil olunmuş hesabat tədbirində informasiya təhlükəsizliyi ixtisasını təqdim edən aparıcı ali təhsil müəssisələrinin müəllim, professor heyəti, AKTA-nın üzvü olan şirkətlərin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər. 
Tədbirdə layihə çərçivəsində aparılmış işlər barədə məlumat verilib. AKTA İdarə Heyətinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Elvin Balacanov qeyd edib ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi hər keçən gün öz aktuallığını daha da artırmaqdadır. Bütün aidiyyəti strukturların bu istiqamətdə intensiv şəkildə çalışdığını bildirən AKTA sədri ali təhsil müəssisələrinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə həm tədris-metodiki vəsaitlər baxımından, həm də, pedaqoji heyət cəhətdən tələblərinin ictimai ehtiyaca çevrildiyini vurğulayıb. O, icra edilən layihənin məhz bu ictimai ehtiyaclardan qaynaqlandığını ifadə edib. 
Daha sonra, AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov layihənin mütəxəssis hazırlığında rolu barədə məlumat verib. Layihə rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru Təbriz Cəfərov layihənin nəticələri barədə iştirakçılara ətraflı hesabat verib. O, layihə çərçivəsində hazırlanmış tədris vəsaitlərini iştirakçılara təqdim edib. 
Tədbirdə həmçinin AKTA tərəfindən 15 universitetdə yaradılmış kiber klublar barədə məlumat verilib.  Qeyd edilib ki, kiber klublar informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələrin icması rolunu oynayır. Burada tələbələr üçün sahənin aparıcı ekspertlərinin iştirakı ilə seminarlar keçiriləcək, tələbələr arasında kiber yarışlar təşkil olunacaq və universitetlər arası təcrübə mübadiləsi təmin ediləcəkdir. 
Tədbir çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən informasiya təhlükəsizliyi ixtisası və mütəxəssis hazırlığı barədə fikirlər səsləndirilib və maraqlı müzakirələr aparılıb. Tədbir akademik sahə ilə sənayenin müzakirəsi formatında davam edib. Tədbirin sonunda iştirakçılar informasiya təhlükəsizliyi ixtisasının ölkəmizdə inkişafı barədə ideyaları  və gələcək baxışlarını bölüşüblər. 
Qeyd edək ki, “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində keçirilir və icrasına 20 dekabr 2023-cü ildən etibarən başlanılıb.

© All rights reserved 2022 - 2024